AYİB (EBRD) “Regional İqtisadi Perspektivlər” hesabatını yeniləyib

AYİB (EBRD) “Regional İqtisadi Perspektivlər” hesabatını yeniləyib

Hesabatda Azərbaycanda real ümumi daxili məhsulun ötən illə müqayisədə 2,5 % artması proqnozlaşdırılır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) fevralda yenilənmiş “Regional İqtisadi Perspektivlər” hesabatına əsasən, bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5 % artacağı proqnozlaşdırılır. 

Bank gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,7 % olacağını gözləyir.

EBRD Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,6 %, gələn il isə 3,2 % böyüyəcəyini proqnozlaşdırdığını bəyan edib. Bundan başqa, Bank fəaliyyət göstərdiyi regionlarda iqtisadi artımla bağlı gözləntisini sentyabr ayındakı hesabatla müqayisədə 0,9 faiz bəndi azaldaraq 3 %-dən 2,1%-ə endirib. Kredit təşkilatı gələn il isə regionlarında iqtisadi artımın 3,3 %-ə qədər yüksələcəyini gözləyir.

“Yüksək qaz qiymətləri və davamlı inflyasiya EBRD-nin regionlarında iqtisadi perspektivə təsir etməkdə davam edir”- deyə EBRD bəyan edib. İnflyasiyadan söz düşmüşkən, EBRD-nin regionlarında orta illik inflyasiya oktyabrda 17,5 %-ə çatdıqdan sonra dekabrda 16,5%-ə düşüb. Sonuncu dəfə bu göstərici 1998-ci ildə qeydə alınıb.

Hesabatda dağıdıcı zəlzələnin fəsadları ilə mübarizə aparan Türkiyənin iqtisadi inkişaf proqnozları da yenilənib. Zəlzələdən öncəki hesablamalara görə, Türkiyədə ÜDM artımı 2022-ci ildə əhəmiyyətli dərəcədə yavaşlamışdı. 2023 və 2024-cü illərdə artan xarici maliyyə tələbləri və 2023-cü ildə keçiriləcək seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər yaratdığından iqtisadi artımın daha da azalaraq 3 faizə enməsi gözlənilirdi.

Baxmayaraq ki, zəlzələnin 2023-cü ildə ümumi iqtisadi fəaliyyətə potensial təsiri ilə bağlı hər hansı qəti proqnozlar vermək mümkün deyil, AYİB hesab edir ki, ağlabatan qiymətləndirmə zəlzələnin bu il Türkiyə iqtisadiyyatının ÜDM-in 1 faizi həcmində itkiyə səbəb olacağını deməyə əsas verir. “Yenidənqurma səylərinin ilin son aylarında tədarük zəncirlərinə və infrastruktura dəyən zərərin mənfi təsirini qismən kompensasiya etməsi gözlənilir” – AYİB-in açıqlamasında deyilib.

 

16.02.2023

Tags: