Azərbaycan startapı 100 000 dollar investisiya alıb

Azərbaycan startapı 100 000 dollar investisiya alıb

Epoint startapı 500 Global Akselerasiya proqramına düşə bilib.

Azərbaycan startapı olan Epoint 500 Global akselerasiya proqramından 100 000 dollar investisiya əldə edib.  Bu haqda məlumatı startapın təsisçisi Zeynal Kərimzadə verib.


İnvestisiya barəsində Zeynal Kərimzadə tech.az Mediaya danışıb:
500 Global Akselerasiya proqramına düşmək bizim üçün çox qürürverici oldu. Orada olan mentorların məsləhtləri, xarici təcrübə, digər startaplar ilə müzakirələr və biliklərimizin qarşılıqlı bölüşməsi bizə çox böyük təcrübə verdi. Proqramı bitirdikdən sonra yeni strategiyamızı və biznesə yanaşmanı dərhal hazırlamağa başladıq. Aldığımız investisiyalar komandamızın gücləndirilməsinə, təcrübəli kadrların cəlb olunmasına, texnoloji həllərin və məhsulların hazırlanmasına yönəldiləcək. Bu il ərzində ən azından yeni bir xarici bazarda məhsulumuzu təqdim etmək planlaşdırırıq. Biz hər zaman özümüzü Azərbaycan startapı və Azərbaycanlılar tərəfindən yaradılan startap kimi təqdim edirik. Bu həm bizim üçün həm də ölkəmiz üçün böyük bir texnoloji təkana gətirəcək və yeni startap mədəniyyətinin formalaşmasına dəstək olacaq. Bu il ərzində bir çox yeni texnoloji həllərimiz gözlənilir və ən azından ölkəmizdə ticarət bazarının Elektron ticarətə çevrilməsi və rəqəmsallaşması üzrə böyük işlər görüləcək.
Epoint e-ticarət xidmətləri göstərmək üçün nəzərdə tutulmuş platformadır. Hər kəs Epoint vasitəsilə məhsul və xidmətlərini onlayn təqdim edə, istənilən bankın kartını əlavə edib ödənişləri onlayn qəbul edə bilər. Startap e-ticarət, onlayn öənişlər, texnoloji həllər və biznesin optimallaşdırılması sistemləri üzrə ixtisaslaşmışdır.
500 Global 2010-cu ildə əsası qoyulmuş və erkən mərhələdə yüksək inkişaf edən texnologiya startaplarına sərmayə qoyan qlobal vençur kapitalı firmasıdır. Yarandığı gündən 500 Global 81 ölkədə 2600-dən çox şirkətin 5000-dən çox təsisçisini dəstəkləmişdir. Onun portfelinə 1 milyard dollar dəyərində 45 şirkət və dəyəri 100 milyon dollardan çox olan 130-dan çox şirkət daxildir. 500 Global maraqlı tərəflərlə sıx əməkdaşlıq edir və hökumətlərə və korporasiyalara startapın sürətli inkişafı üçün sahibkarlıq ekosistemlərinin yaradılması ilə bağlı məsləhətlər verir. Onu da qeyd edək ki, 500 Startups akselerasiya proqramı 2021-ci il sentyabrdan etibarən 500 Global olaraq adlandırılır.

16.02.2023

Tags: