Bard çatbotunun reklam çarxında nəzərə çarpmış yalnışlıq Google-a baha başa gəldi

Bard çatbotunun reklam çarxında nəzərə çarpmış yalnışlıq Google-a baha başa gəldi

Cəmi bir neçə gün öncə təqdimatı keçirilmiş yeni çatbotun səhvə yol verməsi nəticəsində Google 100 milyard dollar dəyər itirdi

Google-un hələ geniş ictimaiyyətə təqdim edilməmiş yeni süni intellekt çatbot aləti Bard, bu həftə nümayiş etdirdiyi qeyri-dəqiq cavab ucbatından artıq geri çağırılır.

Google-un Twitter-də yayımladığı demoda bir istifadəçi Barddan soruşur: "9 yaşındakı övladıma James Webb Kosmik Teleskopundan hansı yeni kəşfləri deyə bilərəm?" Bard bir sıra məqamları bildirməklə cavab verir, o cümlədən: "JWKT öz günəş sistemimizdən kənarda olan planetin ilk şəkillərini çəkib."

Lakin NASA-ya görə, ekzoplaneti, yəni günəş sistemimizdən kənarda olan hər hansı bir planeti göstərən ilk şəkil əslində təxminən iyirmi il əvvəl, 2004-cü ildə Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu tərəfindən çəkilib. 

Çərşənbə axşamı Reuters-in Bard-ın qeyri-dəqiq cavabına diqqət yetirməsindən sonra, Google-un ana şirkəti Alphabet-in səhmləri  7,7% ucuzlaşaraq, bazar dəyərini 100 milyard dollar itirib. 

Google-ın Bardı təqdim etməsindən cəmi bir gün qabaq, Microsoft bu çatbotun əsas rəqibi olan ChatGPT-ni özünün Bing və Edge axtarış platformaları ilə inteqrasiya etmək niyyətini elan etmişdi. Bu xəbər Google-un süni intellekt əsaslı çatbot xidməti sahəsində onsuz da geri qalan mövqeyini daha da axsatmışdı. İndi isə Google çatbotunun ümumiyyətlə güvənli məlumat mənbəyi olmaması riski ilə qarşı-qarşıya qala bilər. 

ChatGPT kimi, Bard da istifadəçi sorğularına cəlbedici cavablar yaratmaq üçün onlayn məlumatların geniş kolleksiyası üzərində öyrədilmiş böyük bir dil modeli üzərində qurulub. Mütəxəssislər uzun müddətdir ki, bu vasitələrin qeyri-dəqiq məlumat yaya biləcəyinə dair xəbərdarlıq edirlər. Bu xəbərdarlıqları eşitməmək üçün Google Bardı ilk olaraq geniş ictimaiyyətə deyil, yalnız güvənilir istifadəçilərin sınağına vermişdi. 

10.02.2023

Tags: Aİ , google , bard , ChatGPT ,