İqtisadçı ekspert Anar Bayramovun şərhinə əsasən, pandemiya ilə bağlı fəaliyyəti tam məhdudlaşdırılmayan sahələr üzrə qanunvericiliyin karantin rejiminə uyğun tələblərindən biri də Əmək Məcəlləsinin 169-cu maddəsində əks olunub: "Boşdayanma vaxtı əməyin ödənilməsi" adlı 169-cu maddəyə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilir.

Misal: Fəaliyyətinə icazə verilən turizm müəssisəsi ancaq xarici səfərlərin təşkili ilə məşğul olduğu üçün məcburi boşdayanma yaranıb. Bu zaman işəgötürən qərar verir ki, işçilərin tarif maaşının üçdəiki hissəsini ödəsin və işçilər müəyyən müddət işə gəlməsinlər.

Turagentin operatorunun aylıq əməkhaqqının 600 manat, satışlara görə bonusunun 200 manat olmasına baxmayaraq, işəgötürən tarif maaşının üçdəiki hissəsini, yəni 400 manat (600 manat x 2/3) manat ödəməklə işçiləri evə buraxa bilər.

Fəxriyyə İKRAMQIZI