Texnoloji şirkətlərin apardığı ixtisarların ortamüddətli nəticələri

Texnoloji şirkətlərin apardığı ixtisarların ortamüddətli nəticələri

Bu ixtisarlar ilk baxışda göründüyündən daha ağır fəsadlara yol aça bilər.

Bir müddət öncə texnoloji sıçrayış texnologiya şirkətlərinin sürətlə böyüməsinə, işçi heyətini genişləndirməsinə və əməkhaqlarını yüksəltməsinə yol açmışdı. Bu şirkətlərə işə düzəlmək ən istedadlı və ambisiyalı kadrların başlıca xəyalı idi.

İndi isə dünyanın aparıcı texnoloji şirkətləri kütləvi ixtisarlara start verib. Google, Amazon, Meta, Spotify və digərləri iqtisadiyyatın artım sürətinin zəifləməsini səbəb gətirərək minlərlə əməkdaşı işdən çıxarıb. Məsələn, az vaxt ərzində Google 12 min, Microsoft 10 min işçisi ilə vidalaşıb. 

Strategiya üzrə mütəxəssislər hesab edir ki, bununla texnoloji şirkətlər böyük səhvə yol verir - gələcək namizədlər şirkətin çətin vaxtlarda davranışlarını, qeyri-müəyyənlik zamanı işçiləri qovduğunu unutmayacaqlar. Bir tərəfdən, ixtisarlar şirkətlərin brend imicini ləkələyəcək və gələcəkdə işçi götürərkən xatırlanacaq. Eyni zamanda, ixtisara düşməyən işçilərin ruh düşkünlüyünə və innovativ təşəbbüslərin ləngiməsnə yol açacaq.

Harvard Business Review-da dərc olunmuş araşdırmaya görə ixtisarlar işçilərin maddi vəziyyətinə mənfi təsir etməklə qalmır. Şirkətlərin qısamüddətli vəsait qənaəti məqsədilə ixtisar aparması neqativ təzyiqə, institusional biliklərin itirilməsinə, könüllü kadr axınının sürətlənməsinə və innovasiya səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Juro platformasının rəhbəri Richard Mabey bu bərədə bildirib: "Əslində indiki kütləvi ixtisarları öncəki asan pul dövründə olan məsuliyyətsiz izafi məşğulluğun korrektəsi də hesab etmək olar. Belə ki, iqtisadi bum dövründə şirkətlər öz imkanlarını həddən artıq genişləndiriblər. Bu baxımdan ixtisarları maddi cəhətdən düzgün addım hesab etmək olar. Lakin uzunmüddətli inkişaf baxımdan bu addım şübhə doğurur. 10% əməkdaşı qovarkən siz işçilərə belə bir mesaj verirsiniz ki, bizim üçün pul əməkdaşlarımızdan önəmlidir". 

 

 

 

15.02.2023

Tags: