Qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayında ötən il ərzində 58 mindən çox artım qeydə alınıb. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli öz çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əmək bazarının “ağardılması” məqsədilə əmək haqları üzrə 2019-cu ilin əvvəlindən tətbiq olunan vergi güzəştləri sayəsində qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı 291 mindən çox artıb ki, bu da islahatın ortamüddətli dövrdə səmərəliliyinə dəlalət edir. Əmək müqavilələrinin sayının artımının təsiri ilə əməkhaqqı fondunun böyüməsi sosial sığorta haqlarının yığım bazasının genişlənməsinə səbəb olur və nəticədə Dövlət Sosial Müdafiə Fondunun büdcədən maliyyə asılılığı azalır. Əgər 2018-ci ildə Fondun gəlirlərində büdcədən transfertin xüsusi çəkisi 36 faizə yaxın idisə, 2022-ci ildə bu göstərici 20 faizdən də aşağı enib.