Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində dekabrın 18-də “Virtual Sahibkarlıq Yarmarkası” keçirəcək.
ASK-dan bildirilib ki, sahibkarlıq yarmarkasının məqsədi istehsalçılar, təchizatçılar, istehlakçılar və dövlət qurumlarını məlumatlandırmaq və onlar arasında əlaqələr qurmaqdır. Bu yarmarka 15 fəaliyyət növü (buraya arıçılıq, quşçuluq, heyvandarlıq, dərzilik, konservləşdirmə, un məmulatlarının hazırlanması, meyvə qurusu, əl işləri, toxuculuq, xalçaçılıq və sair) ilə məşğul olan 100 sahibkarın 500-dən çox məhsul çeşidini nümayiş etdirməyə imkan yaradacaq. Bu məhsulları virtual göstərərək sahibkarlar (istehsalçılar) maraqlı tərəfdaşlarla ünsiyyətdə olacaq, son texnologiyalar, metod və tətbiqetmə barədə ətraflı məlumat əldə etmək şansı qazanacaqlar. Bundan əlavə, istehsalçılar ümumi problem və gözləntilərini bölüşərək fermerdən-fermerə məlumat ötürülməsini həyata keçirəcəklər.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, ASK-ın prezidenti Məmməd Musayev, AMFA-nın idarə heyətinin sədri Cəlal Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, qadınların inkişafı üzrə baş mütəxəssis Kristonia Lokhart, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) müdir müavini Katarzina Pavlakın iştirakı gözlənilir.
Xatırladaq ki, sözügedən layihənin məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək verməkdir. Layihənin spesifik məqsədi Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi rayonlarda bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikro sahibkarların imkanlarını gücləndirməkdir.
“Virtual Sahibkarlıq Yarmarkası” açılacaq