İxtisar olunan işçilərə müavinət necə hesablanır?

İxtisar olunan işçilərə müavinət necə hesablanır?

İşəgötürənlərlə işçilər arasında mübahisə yaradan məsələlərdən biri də ixtisar edilən işçiyə müavinətin hesablanmasıdır. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsi 70-ci maddənin "b" bəndi ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

Bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 8 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 400 manat olduqda işçiyə ödəniləcək müavinət də 400 manat olacaq.

Bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 4 il 3 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 600 manat olarsa, ona 840 manat (600 manat x 1,4 misli) müavinət ödənilməlidir.

Beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 7 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 800 manat təşkil etdikdə işçiyə 1.360 manat (800 manat x 1,7 misli) müavinət ödənilməlidir.

On ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 12 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki ay əsasında hesablanan) 1.200 manat olubsa, işçiyə də 2.400 manat (1.200 manat x 2 misli) müavinət ödənilməlidir.

Mənbə: vergiler.az

26.01.2021

Tags: